Balakən rayon MKS Talalar kənd kitabxanası

Balakən rayon MKS Talalar kənd kitabxanası Talalar kənd kitabxanası

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsindəaparıcı tədbirlərdən biridirBakı Enerji Həftəsində Azərbaycanın enerji siy...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində
aparıcı tədbirlərdən biridir

Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına yönəldildi.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Eyni zamanda dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Dövlət başçısı çıxışında vurğuladı ki, müasir dünyada qazıntı yanacaqları hələ də mühüm rol oynayır. Bununla yanaşı, planetimizin qorunması, ekoloji tarazlığın saxlanılması və daha təmiz ətraf mühitin formalaşdırılması istiqamətində qlobal səylər davam etdirilməlidir".
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir və yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin işlənilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq.
Azərbaycanın enerji uğurları yalnız təbii sərvətlərlə deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması geniş diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq platforması yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi layihələri istismara verilib. Gələn ilin sonuna qədər yaşıl enerji istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı da bu strategiyanın mühüm tərkib hissəsidir.
Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Bu platforma bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir. Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır.

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatıməsələlərinə həsr olunmuş müşavirə keçirilibMayın 25-də Azərbaycan...
25/05/2026

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı
məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.
Elektrik təchizatı ilə heç bir yerdə problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Eyni zamanda dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.
Cənab Prezident diqqətə çatdırıb ki, biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla icra edilmişdir. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır.
Vurğulanıb ki, son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında durğunluq müşahidə edilir. Bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcəkdir. Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər.
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsində vəziyyət müsbətdir. Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır.
Müşavirdə cənab Prezident kənd təsərrüfatı ilə bağlı statistik rəqəmlər səsləndirib. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var.
Bildirilib ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır. 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır.
Cənab Prezident müşavirədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığısayəsində Azərbaycan öz dövlətçiliyini qorumuşdurŞərqdə və müsəlm...
22/05/2026

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı
sayəsində Azərbaycan öz dövlətçiliyini qorumuşdur

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qaldırılmış və 1920-ci il aprelin 27-də oradan götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Azərbaycan sülh gündəliyinə sadiqdirMayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zi...
05/05/2026

Azərbaycan sülh gündəliyinə sadiqdir

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
Dövlətimizin başçısı vurğulayıb ki, Avropa Siyasi Birliyinin sammitlərinin 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Ölkə rəhbəri qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı dövlətimizin başçısının sammitdə iştirakı müzakirə edilib və videoformatda qoşulacağı razılaşdırılıb: "Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı prezident Koşta və prezident Ursula fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik".
Prezident İlham Əliyevin Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinə videoformatda qoşulması həm Bakı-İrəvan arasında sülh prosesinin önəmini vurğulamaq, həm də strateji mesajlar baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyev videoformat vasitəsilə Ermənistanın evsahibliyi etdiyi tədbirə regionun yeni reallıqlarını diktə edən tərəf kimi qatıldı. Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, Azərbaycan Prezidentinin bu platformada iştirakı regionun gələcək taleyinin rəsmi Bakının iştirakı olmadan müəyyən edilməsinin qeyri-mümkün olduğunu göstərdi.
Prezident İlham Əliyevin Ermənistandakı tədbiri dəstəkləməsi və qarşılıqlı olaraq növbəti tədbirin Bakıda keçirilməsini təklif etməsi Azərbaycanın balanslı xarici siyasət kursuna sadiqliyini göstərir. Bu, beynəlxalq təşkilatların regiona yanaşmasında birtərəfliliyin qarşısını alan strateji gedişdir. Belə mötəbər tədbirlərin hər iki ölkədə ardıcıl keçirilməsi Cənubi Qafqazın artıq münaqişə zonası deyil, beynəlxalq müzakirələrin mərkəzi kimi qəbul edildiyini təsdiqləyir. Azərbaycanın 2026-cı il Ermənistan sammitini dəstəkləməsi qarşılığında 2028-ci il sammitini Bakıya qazandırması isə yüksəksəviyyəli diplomatik qələbədir.
Dövlətimizin başçısının İrəvandakı sammiti dəstəkləməsi Azərbaycanın sülh prosesində nə dərəcədə səmimi və konstruktiv olduğunu bütün Avropaya nümayiş etdirdi. Bu addım Ermənistan daxilindəki revanşist qüvvələrin absurd iddialarını da tamamilə alt-üst etdi. Prezident İlham Əliyev bildirdi ki, biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik: "Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib".
Prezident İlham Əliyevin "sülh şəraitində yaşamağı öyrənirik" deməsi onilliklər boyu davam edən münaqişədən sonra cəmiyyətlərin, dövlət institutlarının yeni reallığa adaptasiya prosesini ifadə edir. Uzunmüddətli qarşıdurmadan sonra dinc yanaşı yaşama formasına keçid sosial-psixoloji hazırlıq tələb edir. 9 aylıq qısa müddət sülhün kövrəkliyi ilə yanaşı, prosesin artıq geri dönməz xarakter aldığını göstərir. Ağ Evdə imzalanan sənədlərə istinad edilməsi də sülh prosesinin beynəlxalq legitimliyini, qlobal güclər tərəfindən dəstəkləndiyini vurğulayır.
Dövlətimizin başçısı çıxışında, sadəcə, siyasi bəyanatlarla kifayətlənmədi, eyni zamanda "Tramp marşrutu" və Ermənistana yanacaq ixracı kimi konkret faktları səsləndirdi. Azərbaycanın Ermənistana benzin və dizel tədarük etməyə başlaması onilliklər boyu davam edən iqtisadi təcridin başa çatması, rəsmi Bakının xoş məramının və sülhə olan real sadiqliyinin göstəricisidir. Bu, Zəngəzur dəhlizi və digər kommunikasiyaların tam gücü ilə işləməsi üçün bir növ pilot layihə rolunu oynayır.
Azərbaycan liderinin çıxışında prosesi ləngitməyə və ya pozmağa çalışan qüvvələrlə bağlı da açıq mesaj var. Burada söhbət Ermənistanın daxilindəki radikal revanşistlərdən və Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan bəzi xarici dairələrdən gedir. Azərbaycan bu maneələri qabaqcadan görür və onları diplomatik müstəvidə zərərsizləşdirməyə hazır olduğunu nümayiş etdirir.
Dövlətimizin başçısının videoçıxışının digər əhəmiyyətli məqamı Avropa Parlamentinin və AŞPA-nın tənqidi idi. Prezident İlham Əliyev Avropa Komissiyasının sülh prosesindəki obyektiv rolunu təqdir etməklə yanaşı, heç də bütün Avropa təsisatlarının eyni yanaşmanı nümayiş etdirmədiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Ölkə rəhbəri diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib.
Prezident İlham Əliyev bu platformadan istifadə edərək, Avropa təsisatları arasındakı ziddiyyətləri onların üzünə söylədi. Dövlətimizin başçısı beynəlxalq hüququn tətbiqindəki ədalətsizliyi konkret rəqəmlər və faktlarla ifşa etdi. Vurğuladı ki, 5 il ərzində qəbul edilən 14 qətnamə AP-nin Azərbaycana qarşı qərəzinin obsesiya səviyyəsinə çatdığının göstəricisidir.
Dövlətimizin başçısı nitqi ilə dünyaya bəyan etdi ki, Azərbaycan Avropa ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən əməkdaşlığa hazırdır, lakin milli suverenliyin və ərazi bütövlüyünün müzakirə obyekti edilməsinə və ya təzyiq alətinə çevrilməsinə əsla icazə verməyəcəkdir.

Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edirAprelin 30-d...
30/04/2026

Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edən Prezident İlham Əliyev qeyd edib ki, bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.
Dövlətimizin başçısı bildirib ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir.
Ölkəmizdə idmanın inkişafına toxunan Cənab Prezident diqqətə çatdırıb ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm.
Eyni zamanada Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Dövlətimizin başçısı vurğulayıb ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər.Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.

Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidirAzərbaycanın beynəlxalq münasibətlər sistem...
28/04/2026

Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və Cənubi Qafqazın yeni reallıqları fonunda, Bakının xarici siyasət kursu daha geniş coğrafiyalarda strateji əhəmiyyət kəsb etməkdədir. Bu diplomatik fəallığın bariz nümunəsi kimi Azərbaycan-Çexiya münasibətlərinin müasir mərhələsini xüsusi qeyd etmək lazımdır. Son dövrlərdə Avropa ölkələrinin yüksəksəviyyəli nümayəndələrinin Bakıya intensivləşən səfərləri Azərbaycanın artıq təkcə enerji tərəfdaşı deyil, həm də qitənin təhlükəsizlik və dialoq mərkəzi kimi qəbul olunduğunu təsdiqləyir.
Azərbaycan və Çexiya arasındakı əlaqələr hər iki tərəfin milli maraqlarına söykənən strateji tərəfdaşlıq xarakteri daşıyır. Bakının təqdim etdiyi etibarlı platforma Avropa dövlətləri, o cümlədən Çexiya üçün regionda sabitliyin təmin olunması və eneri təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı və “Orta Dəhliz" layihəsinin artan rolu hər iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açır. Bu münasibətlərin müasir mərhələsi sadəcə ikitərəfli mübadilələrlə məhdudlaşmır. Bu, həm də Azərbaycanın Avropanın enerji xəritəsindəki həlledici mövqeyinin və çoxtərəfli təşəbbüslərdəki liderliyinin göstəricisidir. Çexiya ilə qurulan sıx dialoq göstərir ki, Azərbaycanın müəyyən etdiyi yeni regional nizam qlobal miqyasda maraqla izlənilir və dəstəklənir. Beləliklə, Bakı və Praqa arasındakı münasibətlər ortaq maraqlar və qarşılıqlı etimad əsasında inkişaf edərək, Avrasiya məkanında səmərəli əməkdaşlığın uğurlu nümunəsinə çevrilir.
Qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiqlik üzərində qurulan bu tərəfdaşlıq son illərdə həm siyasi dialoqun güclənməsi, həm də iqtisadi əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur. Bu diplomatik yaxınlaşmanın ən mühüm mərhələlərindən biri kimi 2026-cı il aprelin 27-də Qəbələdə baş tutan yüksəksəviyyəli görüşü qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri arasında keçirilən bu görüş ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyən edib. Prezident İlham Əliyev mətbuata bəyanatında tərəflər arasındakı bu təmasın olduqca məhsuldar keçdiyini və genişspektrli məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldığını xüsusi vurğulayıb. Dövlət başçısı Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərin reallaşmasını iki ölkə arasındakı əlaqələrin dinamik inkişafının bariz təsdiqi kimi qiymətləndirib. “Bizim indi çox fəal siyasi dialoqumuz var", deyən Prezident, müzakirələrin həm regional, həm ikitərəfli, həm də qlobal xarakterli məsələləri əhatə etdiyini diqqətə çatdırıb. Bu görüş bir daha nümayiş etdirdi ki, Bakı və Praqa arasında formalaşan yeni əməkdaşlıq mühiti təkcə iki ölkənin deyil, həm də Avrasiya məkanının ümumi sabitlik və rifah sisteminə mühüm töhfədir.
Qəbələ görüşü Azərbaycan və Çexiya arasındakı iqtisadi əlaqələrin praktiki müstəviyə keçməsi baxımından həlledici xarakter daşıyıb. Danışıqlar zamanı iqtisadi tərəfdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb, xüsusilə energetika sahəsindəki əməkdaşlığın strateji əhəmiyyəti ön plana çəkilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji xəritəsindəki həlledici rolunu rəqəmlərlə diqqətə çatdıraraq qeyd edib ki, hazırda ölkəmiz öz təbii qazını 16 ölkəyə ixrac edir və bu dövlətlərin 10-u məhz Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki mühüm yerini göstərməklə yanaşı, Çexiya ilə bu istiqamətdə əməkdaşlıq üçün yeni və geniş potensial yaradır. İkitərəfli münasibətlərin digər vacib sütunu kimi müdafiə sənayesi sahəsindəki tərəfdaşlıq xüsusi vurğulanıb. Görüşdə bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda nəqliyyat, sənaye və innovasiya kimi sektorlarda əlaqələrin inkişafı üçün kifayət qədər geniş perspektivlərin olduğu qeyd edilib.
Bu istiqamətlər üzrə əldə olunan razılaşmalar hər iki ölkə iqtisadiyyatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir. Göründüyü kimi, Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və səsləndirilən bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni və daha yüksək mərhələyə daxil olduğunu bir daha təsdiqləyir. Mövcud fəal siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi maraqların vəhdəti iki ölkə arasındakı strateji bağların gələcəkdə daha da sarsılmaz olacağına və hər iki xalqın rifahına töhfə verəcəyinə möhkəm zəmin yaradır.

Address

Belokan

Website

Alerts

Be the first to know and let us send you an email when Balakən rayon MKS Talalar kənd kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category