15/09/2026
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin 15 Sentyabr — Bilik Günü münasibətilə təbriki
Hörmətli müəllimlər, əziz şagirdlər və tələbələr, dəyərli valideynlər!
Sizi 15 Sentyabr — Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə yeni dərs ilində uğurlar, yüksək nəticələr və xoş nailiyyətlər arzulayıram.
Yeni tədris ilinin başlanması yalnız məktəb həyatının yenidən canlanması deyil, həm də yeni məqsədlərin müəyyənləşdirilməsi, bilik və bacarıqların artırılması üçün yeni imkanların yaranması deməkdir. Bu yolda şagirdlərin uğurlarında müəllimlərin zəhməti və valideynlərin dəstəyi mühüm əhəmiyyət daşıyır.
Bərdə rayonunun təhsil sahəsində son illər ərzində əldə etdiyi nəticələr böyük zəhmətin və məqsədyönlü fəaliyyətin göstəricisidir. Rayon məktəblərini bitirən məzunlarımızın ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olunması, müxtəlif bilik yarışlarında, fənn olimpiadalarında və müsabiqələrdə uğurlar qazanması bizi sevindirir. Xüsusilə yüksək bal toplayaraq tələbə adını qazanan gənclərimizin nailiyyətləri onların qarşılarına qoyduqları məqsədlərə inamla addımladıqlarını göstərir.
Ölkəmizdə təhsilin inkişafı və gənc nəslin müasir biliklərə yiyələnməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilir. Məktəblərin yenilənməsi, müasir təhsil infrastrukturunun yaradılması, tədris imkanlarının genişləndirilməsi və rəqəmsal texnologiyaların təhsil prosesinə tətbiqi bu siyasətin mühüm tərkib hissəsidir.
Təhsilin inkişafına göstərilən diqqət və qayğıda Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də xüsusi yeri vardır. Ölkənin müxtəlif bölgələrində müasir məktəblərin tikilməsi və təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər gələcəyimiz olan uşaqlara və gənclərə göstərilən böyük diqqətin nümunəsidir.
Hörmətli müəllimlər, əziz şagirdlər və tələbələr!
Yeni tədris ilində hər birinizə möhkəm cansağlığı, böyük əzm, uğurlu nəticələr və yeni nailiyyətlər arzulayıram.
15 Sentyabr — Bilik Gününüz və yeni tədris iliniz mübarək olsun!
Bərdə Rayon İcra
Hakimiyyətinin başçısı
Vidadi İsayev