Azərbaycan Respublikası Auditorlar Palatası

Azərbaycan Respublikası Auditorlar Palatası Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. Əsas vəzifəsi ölkədə maliyyə

Auditorlar Palatasının nümayəndəsi Tbilisidə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib2026-cı il 29–30 may tarixləri...
01/06/2026

Auditorlar Palatasının nümayəndəsi Tbilisidə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib

2026-cı il 29–30 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş “Mühasibat uçotu və audit sahəsində peşəkar çətinliklər və imkanlar” mövzusunda beynəlxalq konfrans və Baş Assambleya keçirilib. Mühasibat uçotu, audit, maliyyə hesabatlılığı və peşəkar təhsil sahələrində aktual çağırışların müzakirəsinə həsr olunan tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasını Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov təmsil edib.

Konfrans dünyanın müxtəlif ölkələrindən olan peşəkar təşkilatların, dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının və audit şirkətlərinin nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan, Gürcüstan, Böyük Britaniya, Estoniya, Ermənistan və digər ölkələrin müvafiq qurumlarının, həmçinin Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının (ACCA), Beynəlxalq Mühasiblər Assosiasiyasının (AIA), Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi mühasibatlıq və audit sahəsində beynəlxalq təcrübə mübadiləsinin aparılması, peşəkar əməkdaşlığın gücləndirilməsi, habelə müasir çağırışlar fonunda peşənin inkişaf istiqamətlərinin müzakirəsi olub.

Tədbirin proqramı çərçivəsində 4 panel üzrə geniş müzakirələr aparılıb.

Birinci panel müzakirəsi “Texnoloji transformasiya və yeni peşəkar bacarıqlar” mövzusuna həsr olunub. Paneldə süni intellekt və avtomatlaşdırmanın mühasibat uçotu praktikasına təsiri, gələcəyin peşəkar mühasib modeli, tələb olunan bilik və bacarıqlar müzakirə edilib. Müzakirələrdə Böyük Britaniya, Gürcüstan və Azərbaycan üzrə regional nümayəndələr, eləcə də Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Mühasiblər Assosiasiyası (AIA), ACCA, PwC Georgia və EY LLC nümayəndələri iştirak ediblər.

İkinci panel “Dövlət maliyyə idarəçiliyinin transformasiyası: IPSAS standartlarının tətbiqi və hesabatlılıq sistemlərinin inkişafı” mövzusunda keçirilib. Panel çərçivəsində dövlət maliyyə idarəçiliyi sahəsində aparılan islahatlar, dövlət müəssisələrinin vahid maliyyə hesabatlığı sisteminə inteqrasiyası, xəzinədarlıq xidmətləri və IPSAS standartlarına keçid zamanı yaranan çağırışlar müzakirə olunub. Sessiyada Gürcüstan Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti, Dünya Bankının PULSAR proqramı, Asiya İnkişaf Bankı (ADB) və PwC Georgia nümayəndələri çıxış ediblər.

Üçüncü panel auditin keyfiyyətinin təminatı, monitorinq mexanizmləri və peşəkar təşkilatların rolu mövzusuna həsr edilib. Paneldə auditin keyfiyyətinə nəzarət təcrübələri, beynəlxalq standartlara uyğunluğun təmin olunması və peşəkar təşkilatların monitorinq prosesində iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Gürcüstanın Mühasibatlıq, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin (SARAS), Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının (FRC), Estoniya Auditorlar Assosiasiyasının, AIA və EY LLC nümayəndələri iştirak ediblər.

Dördüncü panel “Peşəkar təhsil və etika: peşənin dayanıqlı inkişafının əsasları” mövzusunda təşkil olunub. Panel zamanı davamlı peşəkar inkişaf, peşə etikası sahəsində mövcud çağırışlar və etik standartların gücləndirilməsi məsələləri müzakirə edilib. Sessiyada IFAC, AIA, Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyası (GFPAA), Gürcüstanın SARAS qurumu və Tbilisi Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində 2026-cı il 30 may tarixində Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının (GFPAA) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrin peşəkar mühasibat və audit təşkilatlarının, beynəlxalq peşəkar qurumların, maliyyə institutlarının, dövlət qurumlarının və aparıcı audit şirkətlərinin nümayəndələri çıxış edərək GFPAA-nın 30 illik fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın regionda və beynəlxalq səviyyədə mühasibatlıq və audit peşəsinin inkişafına verdiyi töhfələri vurğulayıb və yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov da təbrik nitqi ilə çıxış edərək Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının rəhbərliyini və üzvlərini yubiley münasibətilə səmimi qəlbdən təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu edib, təşkilatın peşənin inkişafında oynadığı mühüm rolu qeyd edib, həmçinin Azərbaycan və Gürcüstan arasında audit və mühasibatlıq sahəsində formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra S.Gülməmmədov Azərbaycanda audit qanunvericiliyinin əsasları, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində həyata keçirilən uğurlu islahatlar, dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsində auditin üzərinə düşən vəzifələr, gənclər arasında auditor peşəsinə marağın artırılması, onların bu peşəyə daha geniş cəlb edilməsi məqsədilə Auditorlar Palatası tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Tədbir çərçivəsində peşəkar təşkilatlar arasında gələcək əməkdaşlıq imkanları, audit və mühasibatlıq peşəsinin inkişaf perspektivləri, eləcə də beynəlxalq təcrübələrin tətbiqi məsələləri müzakirə olunub.

27/05/2026
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Müqəddəs Qurban bayramı münasibətilə bütün xalqımıza sülh, bolluq və əmin-amanlıq arzulayırıq.
26/05/2026

Müqəddəs Qurban bayramı münasibətilə bütün xalqımıza sülh, bolluq və əmin-amanlıq arzulayırıq.

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

AUDİTORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ FRANSADA ƏL/TMM ÜZRƏ REGİONAL SEMİNARDA İŞTİRAK EDİBLƏR2026-cı il 21–22 may tari...
25/05/2026

AUDİTORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ FRANSADA ƏL/TMM ÜZRƏ REGİONAL SEMİNARDA İŞTİRAK EDİBLƏR

2026-cı il 21–22 may tarixlərində Fransanın Paris şəhərində, Avropa Şurasının Paris Ofisində “Təyin edilmiş qeyri-maliyyə biznesləri və peşələri: ƏL/TMM üzrə effektiv nəzarət sistemlərinin və nəzarət mexanizmlərinin qurulması” (Designated Non-Financial Businesses and Professions: Building Effective AML/FT Supervisory Systems and Controls)” mövzusunda regional seminarlar keçirilib.

Seminarda Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan aidiyyəti dövlət qurumlarının, maliyyə monitorinqi orqanlarının, nəzarət qurumlarının və özünütənzimləyici təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibində Auditorlar Palatasının nümayəndələri Qoşqar Əhmədov və Səftər Vəlizadə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Ruqiyyə Məlikova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Orxan Abdinov və Rauf Əsgərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Orxan Babayev, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Nilufər Abdullayeva iştirak ediblər.

Seminarlar çərçivəsində Azərbaycan Respublikasının nümayəndələri tərəfindən ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarəti, riskəsaslı nəzarət mexanizmləri və həyata keçirilən institusional islahatlara dair təqdimatla çıxış edilib.

Seminar Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətkarlığa qarşı mübarizə, xüsusilə çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı (ƏL/TMM) institusional nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədini daşıyıb.

Seminarın əsas məqsədi qeyri-maliyyə peşələri və biznes subyektləri (DNFBP) üzrə ƏL/TMM nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, riskəsaslı nəzarət yanaşmalarının tətbiqi, beynəlxalq standartlar üzrə institusional hazırlığın gücləndirilməsi və MONEYVAL/FATF qiymətləndirmələrinə hazırlıq istiqamətində iştirakçı ölkələrin praktiki bilik və bacarıqlarının artırılması olub.

Seminarlar çərçivəsində FATF-ın yeni qiymətləndirmə metodologiyası, xüsusilə “Birbaşa Nəticə 4” (IO.4) üzrə yeni yanaşmalar geniş şəkildə müzakirə olunub. Ekspertlər tərəfindən bildirilib ki, FATF-ın 2022-ci ildən tətbiq etdiyi yeni metodologiya çərçivəsində qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda nəzarətin effektivliyi ayrıca və daha sərt meyarlarla qiymətləndirilir. Bu baxımdan qeyri-maliyyə sektorunda nəzarətin gücləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və effektiv sanksiya mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Seminar zamanı MONEYVAL qiymətləndirmələrinin nəticələri, xüsusilə Şərq Tərəfdaşlığı ölkələrində qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda mövcud çatışmazlıqlar, risk əsaslı nəzarət mexanizmlərinin zəif tətbiqi, şübhəli əməliyyat hesabatlarının aşağı səviyyədə olması və nəzarət orqanlarının institusional imkanları ətraflı təhlil edilib.

Sessiyalar çərçivəsində FATF-ın 22, 23, 28 və 35-ci Tövsiyələri üzrə tətbiq olunan tələblər, həmçinin riskəsaslı nəzarət modelinin qurulması, milli risk qiymətləndirilməsinin (NRA) nəzarət planlaşdırılmasına inteqrasiyası və sektorlar üzrə risk profillərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Ekspertlər tərəfindən qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda risk əsaslı yanaşmanın tətbiqində aşağıdakı istiqamətlərin vacibliyi vurğulanıb:

yüksək riskli subyektlərin prioritetləşdirilməsi;
sektor üzrə risk göstəricilərinin müəyyən olunması;
nəzarət resurslarının risklərə uyğun bölüşdürülməsi;
nəzarət fəaliyyətində analitik yanaşmaların genişləndirilməsi;
şübhəli əməliyyatların aşkarlanması mexanizmlərinin təkmilləşdirilməsi.
Seminarda nəzarət strategiyası və nəzarət planlarının hazırlanması mövzusunda praktiki təqdimatlar keçirilib. İştirakçılara nəzarət olunan subyektlərin reyestrinin formalaşdırılması, risk kateqoriyalarına bölünməsi, illik nəzarət planlarının hazırlanması və nəzarət resurslarının effektiv idarə olunması ilə bağlı praktiki metodologiyalar təqdim olunub.

Praktiki məşğələlər zamanı hipotetik qeyri-maliyyə peşələri və biznes subyektləri sektoru üzrə nümunəvi nəzarət planları hazırlanaraq iştirakçılarla birlikdə təhlil edilib. Tədbir iştirakçıları tərəfindən risk əsaslı yoxlama planlarının hazırlanması, yoxlamaların prioritetləşdirilməsi və nəzarət fəaliyyətinin nəticələrinin ölçülməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Seminar çərçivəsində məsafədən nəzarət (off-site monitoring) və yerində yoxlamalar (on-site inspections) üzrə nəzarət mexanizmləri də geniş şəkildə müzakirə olunub. Sessiyalar zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:

məsafədən nəzarət alətlərinin tətbiqi;
illik hesabatlılıq və monitorinq mexanizmləri;
tematik yoxlamaların təşkili;
risk əsaslı yoxlama siyahılarının hazırlanması;
hüquqşünaslar, notariuslar və auditorlar kimi həssas peşələr üzrə nəzarət xüsusiyyətləri;
nəzarət fəaliyyətinin keyfiyyət təminatı mexanizmləri.
Bununla yanaşı, inzibati sanksiyalar və icra mexanizmləri üzrə keçirilən sessiyalarda ƏL/TMM pozuntularına görə tətbiq olunan tədbirlər, proporsional və çəkindirici sanksiyaların əhəmiyyəti, inzibati və cinayət məsuliyyəti tədbirləri, pozuntuların sənədləşdirilməsi və sanksiyaların ictimailəşdirilməsi məsələləri geniş təhlil olunub.

Ekspertlər tərəfindən qeyd olunub ki, MONEYVAL və FATF qiymətləndirmələrində ən çox diqqət yetirilən istiqamətlərdən biri də məhz effektiv və çəkindirici sanksiya mexanizmlərinin mövcudluğudur. Bu baxımdan iştirakçı ölkələrin təcrübələri müqayisəli şəkildə müzakirə olunub.

Seminar çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda həyata keçirilən institusional islahatlar, ƏL/TMM nəzarətinin gücləndirilməsi istiqamətində görülən tədbirlər və risk əsaslı yanaşmalar barədə təqdimatla çıxış edilib.

Təqdimatda aşağıdakı istiqamətlər üzrə məlumat verilib:

qeyri-maliyyə sektorunda nəzarət sisteminin təkmilləşdirilməsi;
MONEYVAL tövsiyələrinin icrası istiqamətində görülən tədbirlər;
milli risk qiymətləndirilməsi nəticələrinin tətbiqi;
nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması;
aidiyyəti qurumlar arasında koordinasiya mexanizmlərinin inkişaf etdirilməsi;
qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda maarifləndirmə tədbirləri və hesabatlılıq mexanizmləri.
Azərbaycan nümayəndələrinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və digər ölkələrin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Seminarda həmçinin virtual aktivlər və kriptovalyuta əməliyyatları, benefisiar sahibliyin gizlədilməsi, nominal sahiblik strukturları, proliferasiya maliyyələşdirilməsi riskləri və sanksiyalardan yayınma mexanizmləri kimi yeni yaranan risk istiqamətləri üzrə təqdimatlar keçirilib.

Ekspertlər tərəfindən bildirilib ki, müasir dövrdə virtual aktivlər və mürəkkəb sahiblik strukturları vasitəsilə həyata keçirilən qeyri-qanuni maliyyə əməliyyatları qeyri-maliyyə peşələri və biznes subyektləri sektoru üçün ciddi risklər yaradır. Bu baxımdan nəzarət orqanlarının analitik imkanlarının gücləndirilməsi, rəqəmsal nəzarət alətlərinin tətbiqi və beynəlxalq məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Seminarın digər mühüm istiqamətlərindən biri də informasiya texnologiyaları və süni intellekt həllərinin ƏL/TMM nəzarətində tətbiqi olub. Sessiyalar zamanı SupTech həlləri, məlumatların emalı və analizi sistemləri, risk indikatorlarının avtomatik aşkarlanması və süni intellekt əsaslı monitorinq alətləri barədə ətraflı məlumat verilib.

İştirakçılar tərəfindən qeyd olunub ki, müasir texnologiyaların tətbiqi nəzarət prosesinin effektivliyinin artırılması, resurslardan daha səmərəli istifadə olunması və risklərin erkən mərhələdə aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seminar iştirakçı ölkələr arasında təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın genişləndirilməsi və FATF-ın yeni metodologiyası üzrə praktiki biliklərin artırılması baxımından mühüm platforma olub.

Azərbaycan nümayəndələri tədbir çərçivəsində keçirilən müzakirələrdə, praktiki sessiyalarda və qarşılıqlı təcrübə mübadiləsində fəal iştirak etmiş, qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

Tədbirdə əldə olunan bilik və təcrübənin gələcək fəaliyyətlərdə tətbiqi, aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

19/05/2026

“Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) tələblərinin pozulmasına görə məsuliyyət”
Elfirida Hacızadə - Peşə etikasının hüquqi təminatı və monitorinqi şöbəsinin müdiri

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə əziz xatirəsi...
09/05/2026

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.

09/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Auditorlar Palatasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Audito...
08/05/2026

Auditorlar Palatasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Auditorlar Palatasında 2026-cı ilin 8 may tarixində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın inkişaf strategiyasının və Konstitusiyasının banisi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı bəhs edib. O, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətinliklərdən, xaos və parçalanma təhlükəsindən, milli dövlətçiliyin sarsıdılmasına xidmət edən qüvvələrin fəaliyyətindən və bu vəziyyətin Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını zəruri etməsindən danışıb. V.Novruzov qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan vətəndaş qarşıdurmasından, iqtisadi fəlakətdən və siyasi təlatümlərdən xilas olaraq hüquqi dövlət quruculuğu yoluna qədəm qoyub.

Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyev olan milli dövlətçilik bizim ən böyük sərvətimizdir.

Vahid Novruzov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi əsasların möhkəmləndirilməsi, idarəetmənin sabitləşdirilməsi və Konstitusiya əsasında müasir dövlət quruculuğunun təməli formalaşdırılıb. Bu istiqamətdə ən vacib addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması olub. 1992-ci ildə əsası qoyulan bu partiya dövlət müstəqilliyimizin qorunması, siyasi sabitliyin təmin olunması və xalqın bir araya gəlməsində əvəzsiz rol oynayıb.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin qarşısında yeni tarixi şəraitdə iki mühüm vəzifə dayanırdı: Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanılması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi.

V.Novruzov çıxışında eyni zamanda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vurğulayıb ki, güclü iqtisadiyyat güclü dövlətin əsas təminatıdır. Bu kontekstdə aparılan iqtisadi islahatlar sosial siyasətlə üzvi şəkildə bağlıdır.

Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verib.

V.Novruzov çıxışında xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də özündən sonra layiqli varisin müəyyən edilməsi olub. O, əmin idi ki, başa çatdıra bilmədiyi məsələlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.

Elə bunun nəticəsidir ki, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir zirvə oldu. Bu müharibədə qazanılan parlaq qələbə təkcə hərbi gücün nümayişi deyil, eyni zamanda siyasi uzaqgörənlik, diplomatik ustalıq və milli həmrəyliyin təntənəsi kimi tarixə düşüb. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək həmrəyliyi və iradəsi ilə, rəşadətli ordumuz isə peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı ilə bu tarixi zəfərin müəllifinə çevrilib.

Xalqımız bu gün həqiqətən də Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görür və daim ölkə başçısının ətrafında sıx birləşib.

Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, əldə olunan uğurlar, mövcud sabitlik və perspektiv hədəflər bir daha sübut edir ki, Heydər Əliyev yolu daim yaşayacaq, bu yolda atılan hər bir addım isə xalqımızın rifahına, dövlətimizin qüdrətinə xidmət edəcəkdir. Bu yol müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətimizin təminatıdır.

Sonra Vahid Novruzov vurğulayıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə fəaliyyət göstərən bütün sahələrə göstərdiyi diqqət və qayğı Azərbaycan auditorlarına münasibətdə də daim hiss olunub. V.Novruzov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” qanuna əsasən fəaliyyətə başlamış Auditorlar Palatasının bu il 30 ili tamam olur və sentyabr ayında yerli və xarici ölkələrin təmsilçilərinin iştirakı ilə beynəlxalq tədbirimiz baş tutacaq.

Daha sonra tədbirdə Auditorlar Palatasının əməkdaşları və üzvləri: Fəxrəddin İsmayılov – Auditorlar Palatası sədrinin müavini, “LŞ Audit” MMC-nin direktoru-auditor Fərhəddin Hüseynov, “Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Roman Hüseynov, “Azərbeynəlxalq audit xidməti” MMC-nin direktoru-auditor Misir Əhmədov, Səftər Vəlizadə – “SR Audit Solutions” MMC-nin direktoru-auditor, Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva, “Maliyyə və Audit Mərkəzi” MMC-nin direktoru-auditor Günay Əliyeva, “AZƏRUÇOT” MMC-nin direktoru-auditor Eldar Təhməzov, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, “ACTİVE CONSULTİNG CN” MMC-nin direktoru-auditor Nazim Alıyev, Sərbəst auditor Yaqub Verdiyev, Sərbəst auditor Hafiz Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Vüqar Sərdarov, “BAKI HESABAT MƏRKƏZİ” MMC-nin direktoru-auditor Mehdi Babayev çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana və xalqına göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

Məruzəçilər eyni zamanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin əsrlər keçsə də, qərinələr ötsə də Azərbaycan xalqının qəlbində daimi yaşayacağını vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul edilən Auditorlar Palatasının 7 nəfər üzvlərinə və əməkdaşlarına Partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 7 nəfər Partiyanın yeni üzvlərini təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzu edib.



Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!

Address

S. Y. Bakuvi 35
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Auditorlar Palatası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Auditorlar Palatası:

Share