02/06/2026
Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir.
2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu çıxış edərək Azərbaycanın enerji siyasətinin uğurlarından, ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı mühüm roldan, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən bəhs etmişdir. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” öz işinə başlamışdır.
Prezident çıxışında vurğulamışdır ki, Bakı Enerji Həftəsi artıq dünyanın enerji sektorunda ən nüfuzlu beynəlxalq platformalarından birinə çevrilmişdir. Dövlət başçısı qeyd etmişdir ki, əsası 1994-cü ildə qoyulan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji tarixinin formalaşmasında mühüm rol oynamış, ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasına və xarici investisiyaların cəlb edilməsinə geniş imkanlar yaratmışdır. Onun sözlərinə görə, bu tədbir illər ərzində daha da inkişaf edərək Bakı Enerji Həftəsi formatında qlobal enerji dialoqu üçün vacib platformaya çevrilmişdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının uğurlarından danışaraq bildirmişdir ki, ölkəmiz bu gün dünyanın etibarlı enerji tərəfdaşlarından biri kimi tanınır. Azərbaycan neft və qaz ehtiyatlarının səmərəli idarə olunması nəticəsində həm öz enerji təhlükəsizliyini təmin etmiş, həm də bir çox ölkələrin enerji təminatına mühüm töhfə vermişdir. Xüsusilə qeyd olunmuşdur ki, “Şahdəniz” yatağının işlənilməsi və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirmişdir. Dövlət başçısı xatırlatmışdır ki, “Şahdəniz-1” müqaviləsinin imzalanmasından 30 il ötür və bu layihə ölkənin qaz sənayesində yeni mərhələnin əsasını qoymuşdur.
Çıxış zamanı Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, son illərdə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi əhəmiyyətli dərəcədə artmış və ölkəmiz bir sıra Avropa dövlətlərinin etibarlı enerji tərəfdaşına çevrilmişdir. Azərbaycanın enerji resursları təkcə iqtisadi əməkdaşlıq deyil, həm də regional sabitlik və beynəlxalq tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev nitqində enerji sektorunda yeni dövrün əsas istiqamətlərindən biri kimi bərpa olunan enerji mənbələrinin inkişafına toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan yalnız neft və qaz ölkəsi deyil, eyni zamanda böyük yaşıl enerji potensialına malik dövlətdir. Xüsusilə günəş, külək və digər bərpa olunan enerji layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi bu siyasətin tərkib hissəsi kimi təqdim edilmişdir. Dövlət başçısı vurğulamışdır ki, yaxın illərdə ölkədə yaşıl enerjinin istehsalı və ixracı sahəsində mühüm nəticələr əldə olunacaq.
Çıxış zamanı beynəlxalq əməkdaşlıq məsələlərinə də geniş yer verilmişdir. Prezident qeyd etmişdir ki, Azərbaycanın həyata keçirdiyi bütün iri enerji layihələri beynəlxalq tərəfdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır. Ölkəmiz müxtəlif dövlətlər və beynəlxalq şirkətlərlə birlikdə uğurlu layihələr həyata keçirərək qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir. Bakı Enerji Həftəsi də məhz bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
Sonda Prezident İlham Əliyev tədbir iştirakçılarını salamlayaraq Bakı Enerji Həftəsinin işinə uğurlar arzulamış, bu mötəbər beynəlxalq tədbirin enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, innovativ həllərin müzakirəsinə və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Dövlət başçısının çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını, gələcək inkişaf prioritetlərini və ölkənin beynəlxalq enerji sistemindəki strateji əhəmiyyətini bir daha nümayiş etdirmişdir.
Elnurə Kərimova