31/12/2025
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqim ili münasibətilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının təbriki
Əziz soydaşlarım! Bacılar və qardaşlar!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq və əmin amanlıq arzulayıram.
1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi, tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza hədiyyə olaraq göndərilməsi, Arazın o tayından bu tayına, bu tayından o tayına axan insan seli böyük bir ruhun, idealına doğru yürüyən xalqın birlik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamı idi. Bu bütövləşmiş böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da məhz bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruğa dönməyin bəhrəsidir.
Biz dünyanın yeganə xalqıyıq ki, hər ilimiz Milli Həmrəylik ruhu ilə başa çatır. Həmrəylik Günü bir dəyərdir. 31 dekabrda dünyanın harasında olmağımızdan asılı olmayaraq hamımızın nəzərləri bir birimizə və bütün azərbaycanlıların vahid dövlətinə, müstəqil Azərbaycan Respublikasına yönəlir. Başqa sözlə desək 31 dekabrda biz hamımız saatlarımızı Bakı vaxtı ilə qururuq.
Hər ilin sonunda köhnə illə vidalaşdığımız gündə dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik bayramı keçirmələri rəmzi məna daşıyır. Yəni biz hər yeni ilə 50 milyonluq Azərbaycan türkünün və bütün Azərbaycan vətəndaşlarının yüksək vətən sevgisi, birlik və bərabərlik uğrunda mübarizə əzmi ilə başlayırıq.
Əziz soydaşlar! Azərbaycanlıların həmrəyliyi xüsusilə qürurla yaşadığımız indiki günlərdə, torpaqlarımız işğaldan tam azad edildikdən, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra ermənipərəst qüvvələrin antiazərbaycan təbliğatının gücləndiyi bir dövrdə son dərəcə ciddi zərurətə çevrilib. Uzun illərdir dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, Vətənlə əlaqələrinin möhkəmlənməsi, yaşadıqları ölkələrdə Azərbaycanı daha layiqli şəkildə təmsil etmələri yolunda çalışırıq. Bunun nəticəsində təşkilatımızın bütün qitələri əhatə edən geniş bir şəbəkəsi formalaşmış və bu fəaliyyət ildən ilə genişlənməkdədir.
Dünyada yaşayan bütün soydaşlarımızı Milli Həmrəylik Günü və Yeni Təqvim ili münasibətilə ürəkdən təbrik edir, sizə bütün xeyirli işlərinizdə uğurlar, möhkəm can sağlığı və ailə xoşbəxtliyi arzulayıram!
Yaşasın Bütöv Azərbaycan!