19/06/2026
"Azərbaycanın taleyini dəyişən zəfər tarixi" adlı tədbir keçirilib
İyunun 12-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın taleyini dəyişən zəfər tarixi" adlı tədbir keçirilib.
Tədbir İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Öncə tədbir iştirakçıları Mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, sənədlər və fotolardan ibarət sərgi ilə tanış olublar. Sonra mərkəzin ekspozisiya zalında Ulu Öndərin irsi ilə bağlı ekskursiya təşkil olunub.
Mərkəzin zalında davam edən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Ardınca "15 İyun – Milli Qurtuluş Günü" münasibətilə hazırlanmış müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini, eyni zamanda, Zəfərə gedən yolu özündə əks etdirən "Qurtuluşdan inkişafa" sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati işlər sektorunun baş mütəxəssisi Nilufər Mursəliyeva, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Samir Zülfiyev bu günün tarixi haqqında ətraflı çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gün kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə baş alıb gedən anarxiya və qarşıdurmalara son qoyulub, dövlətçiliyin təməli möhkəmləndirilib, sabitlik təmin edilib. Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ölkə başçısının bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyada dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətlərdən birinə çevrilib və ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyünü bərpa edib. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb olub.