AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu

AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu, Government Organization, Azadliq pr 155, Baku.

Genetik Ehtiyatlar İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.Azərbaycan Respublikasının İnsan ...
04/06/2026

Genetik Ehtiyatlar İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institut rəhbərliyi bildirib ki, insan hüquq və azadlıqlarının qorunması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun hüquqi mexanizmlərin tətbiqi bu sahədə mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, insan hüquqlarının qorunması və təşviqi yalnız dövlət qurumlarının deyil, eyni zamanda elm və təhsil müəssisələrinin də mühüm vəzifələrindən biridir.
Həmçinin vurğulanıb ki, müasir dövrdə genetika, biotexnologiya və biomüxtəliflik sahələrində aparılan elmi tədqiqatlar bioetika, şəxsi məlumatların məxfiliyi və insan hüquqlarının qorunması məsələləri ilə sıx bağlıdır. Bu baxımdan elmi fəaliyyət zamanı etik prinsiplərə və beynəlxalq standartlara riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra məruzə ilə çıxış edən Rzaqulu Hacıyev insan hüquqlarının müdafiəsi sahəsində ölkədə həyata keçirilən tədbirlər, hüquqi maarifləndirmənin əhəmiyyəti və bu istiqamətdə hər bir vətəndaşın məsuliyyəti barədə ətraflı məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Tədbirin sonunda insan hüquqlarına hörmətin demokratik, hüquqi və inkişaf etmiş cəmiyyətin əsas dəyərlərindən biri olduğu bir daha vurğulanıb.

Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Eh...
03/06/2026

Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 3 iyun 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunmuşdur.
Seminar çərçivəsində İnstitutun İmmunogenetika şöbəsinin baş elmi işçisi, aqrar elmlər doktoru, dosent Cəbrayıl Ağayev “Aqrotexniki, bioloji və kimyəvi mübarizə üsul və vasitələri: inteqrir mübarizə sistemlərinin əhəmiyyəti və hazırlanma prinsipləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə bitki sağlamlığının qorunması sahəsində tətbiq olunan müasir yanaşmalar, aqrotexniki, bioloji və kimyəvi mübarizə üsullarının elmi əsasları, onların effektivliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin inteqrir mübarizə sistemlərinin formalaşdırılması prinsipləri barədə ətraflı məlumat verilmişdir.
Çıxış zamanı torpağın becərilməsi, sələf bitkilərin düzgün seçilməsi, toxum materialının çeşidlənməsi, eləcə də bioloji və kimyəvi mübarizə vasitələrinin məqsədyönlü və səmərəli tətbiqi məsələləri geniş şəkildə şərh olunmuşdur. Bununla yanaşı, inteqrir mübarizə sistemlərinin hazırlanması prosesində əkin sahələrinin torpaq-iqlim xüsusiyyətlərinin, zərərli və faydalı orqanizmlərin yayılma səviyyəsinin, habelə iqtisadi ziyanlılıq həddinin nəzərə alınmasının vacibliyi xüsusi vurğulanmışdır.
Məruzəçi qeyd etmişdir ki, bitki sağlamlığının qorunması sahəsində tətbiq olunan innovativ yanaşmaların əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında məhsuldarlığın və istehsal səmərəliliyinin artırılması, insan və heyvanların qida təhlükəsizliyinin elmi əsaslarla təşkili, ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, eləcə də dayanıqlı və inklüziv inkişafın dəstəklənməsidir.
Seminar mövzu ətrafında aparılan müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatmışdır.

Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas imtahanı keçirilmişdir.AR ETN Genetik Eh...
03/06/2026

Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas imtahanı keçirilmişdir.

AR ETN Genetik Ehtiyatlar İnstitutunda 02 iyun 2026-cı il tarixində fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas imtahanı təşkil olunmuşdur.
2026–2027-ci tədris ilinin yay sessiyası çərçivəsində keçirilən imtahanda “Genetika” ixtisas fənni üzrə 2 nəfər iddiaçı iştirak etmişdir. İddiaçılar ayrılmış vaxt ərzində təqdim olunmuş imtahan suallarını cavablandıraraq imtahanı müvəffəqiyyətlə başa vurmuşlar.

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər ediblər.AR Elm və Təhsil Nazirli...
01/06/2026

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər ediblər.

AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qurban bayramı və Müstəqillik günü münasibəti ilə institut rəhbərliyinin təşəbbüsü, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının dəstəyi və Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına birgünlük səfər həyata keçiriblər.
Səfər çərçivəsində əməkdaşlar Xocalı, Xankəndi, Laçın və Ağdərə istiqamətlərində olub, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olublar. Yolboyu iştirakçılar azad edilmiş ərazilərin mövcud vəziyyətini müşahidə edərək regionda həyata keçirilən genişmiqyaslı quruculuq prosesləri barədə ətraflı məlumat əldə ediblər.
Səfərin yaddaqalan məqamlarından biri Qarabağın mühüm tarixi-memarlıq abidələrindən olan Əsgəran qalasının ziyarəti olub. XVIII əsrdə Qarabağ xanlığının müdafiəsi məqsədilə inşa edilmiş qala möhtəşəm divarları və qüllələri ilə bölgənin ən dəyərli tarixi abidələrindən biri hesab olunur. İştirakçılar abidənin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.
Xankəndi şəhərində əməkdaşlar Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin və dövlət suverenliyinin bərpasının rəmzi olan Zəfər tağını ziyarət ediblər. Həmçinin Qarabağ Universitetinin yeni tədris korpusu, şəhər stadionu və müasir istirahət parkları ilə tanış olublar. Şəhərdə aparılan abadlıq və infrastruktur layihələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Səfər zamanı əməkdaşlar Şuşa rayonunun təbiət incilərindən biri hesab olunan İsa bulağında olublar. Adı dillər əzbəri olan bu bulağın sərin və saf suyu iştirakçılarda xoş duyğular yaradıb. Bölgənin füsunkar təbiəti, dağ mənzərələri, Həkəri çayının sahilləri, Laçın şəhərinin yaşıllıqlarla əhatə olunmuş küçələri və Seyrəngah ərazisi səfər iştirakçılarında unudulmaz təəssüratlar formalaşdırıb.
Laçın dəhlizi istiqamətində davam edən marşrut boyunca Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində işğal dövrünün ağır izləri, dağıdılmış yaşayış məntəqələri iştirakçıların yaddaşında dərin iz buraxıb. Bununla yanaşı, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində salınan müasir yaşayış məntəqələri, ağıllı kənd və şəhər layihələri böyük məmnunluq hissi ilə qarşılanıb.
Səfər iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin miqyasını yaxından görmək imkanı əldə edib, regionun tarixi, mədəni və mənəvi irsi haqqında biliklərini daha da zənginləşdiriblər.
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları səfərin yüksək səviyyədə təşkilinə görə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqına, institut rəhbərliyinə və Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatına təşəkkürlərini bildiriblər. Səfər iştirakçılarda dərin təəssürat yaradaraq, azad edilmiş torpaqlarda aparılan bərpa və inkişaf proseslərini yaxından izləmək baxımından xüsusi əhəmiyyət kəsb edib.

01/06/2026

AR ETN Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında keçirilmiş “İşğaldan sonra milli genofondun bərpası, tədqiqi, yeni yüksək məhsuldar sortların yaradılması və toxumçuluğu”mövzusunda Respublika Elmi-Praktiki Seminara həsr olunmuş videoçarx.

Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Eh...
26/05/2026

Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 26 may 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunmuşdur. Seminar çərçivəsində institutun Tərəvəz və bostan bitkiləri şöbəsinin elmi işçisi Babək Şahmurad Muğanlu “Müasir kənd təsərrüfatı araşdırmalarında təcrübi dizaynların rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə müasir kənd təsərrüfatı tədqiqatlarında statistik metodların tətbiqi, təcrübi dizaynların əhəmiyyəti və onların elmi nəticələrin dəqiqliyinə təsiri barədə ətraflı məlumat təqdim olunmuşdur. Bildirilmişdir ki, kənd təsərrüfatında əldə olunan nəticələrin etibarlılığının artırılması, məhsuldarlığın obyektiv qiymətləndirilməsi və seleksiya işlərinin səmərəli təşkili baxımından statistik üsulların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Çıxış zamanı eksperimental səhvlərin minimuma endirilməsi və uyğun statistik modelin seçilməsinin aparılan tədqiqatların keyfiyyətinə birbaşa təsir göstərdiyi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, düzgün təcrübi dizaynın qurulması elmi nəticələrin obyektivliyinin təmin edilməsində əsas amillərdən biridir.
Seminar çərçivəsində müxtəlif təcrübi dizaynların müqayisəli təhlili aparılmış, onların üstünlükləri, tətbiq imkanları və dəqiqlik səviyyələri barədə məlumat verilmişdir. Eyni zamanda statistik modellərin işləmə prinsipləri və müasir analiz metodlarının tətbiqinə dair nümunələr nümayiş etdirilmişdir.
Sonda qeyd olunmuşdur ki, düzgün eksperimental dizayn tədqiqat nəticələrinin etibarlılığına birbaşa təsir göstərir, statistik modelin düzgün seçilməsi isə elmi nəticələrin obyektiv qiymətləndirilməsində mühüm rol oynayır.
Seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici seminar keçirilib.25 may 2026-cı il tarixində Azərbaycan Respublikası El...
26/05/2026

Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici seminar keçirilib.

25 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda “Milli genofondun bərpası, mühafizəsi və seçilmiş nümunələrdən səmərəli istifadə olunması” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın məqsədi milli genetik ehtiyatların qorunması, toxum materiallarının uzunmüddətli saxlanılması, onların həyat qabiliyyətinin monitorinqi və regenerasiya proseslərinin elmi əsaslarla həyata keçirilməsi istiqamətində aparılan tədqiqatların müzakirəsi olmuşdur.
Seminarda ilk olaraq Rüşeym plazması laboratoriyasının müdiri Sevinc Məmmədova genetik ehtiyatların qorunması və regenerasiyası prosesinin əsas mərhələlərini ətraflı şəkildə təqdim etmişdir. Bildirilmişdir ki, toxum ehtiyatlarının və onların həyat qabiliyyətinin mütəmadi monitorinqi genofondun uzunmüddətli mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edilmişdir ki, nümunələrin həyatilik qabiliyyəti kritik həddən aşağı düşdükdə və ya toxum ehtiyatı reprezentativ populyasiyanın bərpası üçün kifayət etmədikdə regenerasiya prosesi həyata keçirilməlidir.
Məruzədə regenerasiya mərhələlərinin elmi-praktik əsasları geniş izah olunmuşdur. Sevinc Məmmədova vurğulamışdır ki, regenerasiya zamanı ilkin materiala ən uyğun nümunələrin seçilməsi, effektiv populyasiya ölçüsünün qorunması və genetik müxtəlifliyin saxlanılması əsas prinsiplərdəndir. Bununla yanaşı, hər bir növün bioloji xüsusiyyətləri nəzərə alınaraq uyğun mühitin seçilməsi, sahələrin hazırlanması, əkin müddətlərinin düzgün müəyyənləşdirilməsi və aqrotexniki tədbirlərin vaxtında aparılması vacib hesab olunur.
Çıxış zamanı bitkilərin inkişaf mərhələlərinin davamlı monitorinqi, suvarma, gübrələmə, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirlərinin optimal şəkildə həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Həmçinin çarpaz tozlanmanın qarşısının alınması, genetik təmizliyin qorunması və nümunələrin identikliyinin vizual, herbari və molekulyar marker üsulları ilə yoxlanılması barədə ətraflı məlumat verilmişdir.
Sevinc Məmmədova qeyd etmişdir ki, regenerasiya prosesində qeyri-tipik xüsusiyyət göstərən bitkilərin uzaqlaşdırılması, fenotipik heterogenliyin monitorinqi və foto sənədləşdirmənin aparılması genetik autentikliyin qorunmasına xidmət edir. Məruzədə toxumların məhsul yığımından sonra təmizlənməsi, qurudulması, ilkin emalı və optimal şəraitdə saxlanmasının genetik resursların uzunmüddətli mühafizəsində mühüm rol oynadığı vurğulanmışdır.
Bundan əlavə, regenerasiya prosesinin bütün mərhələlərinin – əkin tarixi, istifadə olunan aqrotexniki tədbirlər, sahə şəraiti, bitkilərin sayı, sağqalma göstəriciləri və məhsul yığımı tarixinin dəqiq sənədləşdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, genbank informasiya sistemləri vasitəsilə məlumatların avtomatik izlənməsi və ehtiyatların mütəmadi qiymətləndirilməsi gələcək tədqiqatlar üçün mühüm elmi baza yaradır.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov çıxış etmişdir. O, genetik ehtiyatların qorunmasının strateji əhəmiyyətindən danışaraq genofondun milli sərvət olduğunu və ölkənin kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır. Professor Zeynal Əkpərov qeyd etmişdir ki, milli yerli genetik ehtiyatların bərpası, qorunması vəbütün başqa fəaliyyətlər bu sahədə Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Seminar çərçivəsində iştirakçılar tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, genetik ehtiyatların qorunması və onlardan səmərəli istifadə olunması istiqamətində görüləcək işlər müzakirə edilmişdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və geniş fikir mübadiləsi aparılmışdır.

Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında respublika elmi-praktiki seminarı keçirilmişdir.22 may 2...
25/05/2026

Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında respublika elmi-praktiki seminarı keçirilmişdir.

22 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ağdərə rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi Tədqiqat Bazasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İşğaldan sonra milli genofondun bərpası, tədqiqi, yeni yüksək məhsuldar sortların yaradılması və toxumçuluğu” mövzusunda respublika elmi-praktiki seminarı keçirilmişdir.
Tədbirdə elmi-tədqiqat müəssisələrinin əməkdaşları, aqrar sahə üzrə mütəxəssislər, yerli təhsil müəssisələrinin rəhbər və müəllim heyəti, tələbələr, icra nümayəndələri və fermerlər iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun, aqrar elmlər üzrə fəlsəfə doktoru Abdin Abdullayevin və Qarabağ Elmi Tədqiqat Bazasının müdiri Məhəmməd Şirinovun Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı bitkilərinin milli genofondunun bərpası, onların qorunması və iqlim şəraitinə davamlı yüksək məhsuldar sortların yaradılması, eləcə də toxumçuluq sisteminin inkişaf etdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri barədə məruzələri dinlənilmişdir.
Daha sonra müzakirələr bilavasitə dənli taxıl və paxlalı bitkilərin kolleksiya və yeni sortlarının əkin tarlasında davam etdirilmişdir. Müzakirələrdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, kollecin müəllim heyəti və tələbələr, Bərdə Regional Fitosanitar Xidmətinin baş aqronomu Füzuli Əzimov, aparıcı aqronom Eldar Abbasov, yerli icra nümayəndələri Kamran Əhmədov, Ramiz Zeynalov və bölgəni təmsil edən fermerlər iştirak etmişlər.
Eyni zamanda, Tərtər Peşə Məktəbinin direktoru Əli Babayevin rəhbərliyi ilə məktəbin mühəndis-pedaqoji heyəti, bitkiçilik mütəxəssisi, meyvə və tərəvəz ustası ixtisas qruplarının tələbələri seminarın işinə qatılmışlar.
Regionda aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının bərpası, ərzaq təhlükəsizliyinin təmin olunması, müasir seleksiya və toxumçuluq texnologiyalarının tətbiqinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirin təşkilində və həyata keçirilməsində Qarabağ Elmi Tədqiqat Bazasının kollektivinin əməyi xüsusi qeyd olunmuş, işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat fəaliyyətinin bərpası və inkişafı istiqamətində gördükləri işlərin təqdirəlayiq olduğu qeyd edilmişdir.
Seminarın sonunda Qarabağ bölgəsində kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi, genetik ehtiyatların səmərəli istifadəsi və toxumçuluq fəaliyyətinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində tarla seminarı keçirilmişdir.AR ETN Genetik Ehtiyatlar İnstitut...
22/05/2026

Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində tarla seminarı keçirilmişdir.

AR ETN Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində 21 may 2022-ci il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Subtropik bitkilərin və onların yabanı əcdadlarının genetik müxtəlifliyinin toplanması, bərpası, kolleksiyalarının yaradılması və səmərəli istifadəsi” mövzusunda tarla seminarı keçirilmişdir.
Seminarda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar şəhərsalma proseslərində yaşıllıq zonalarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması, landşaft memarlığında yerli və davamlı bitki genofondundan səmərəli istifadəsinin vacibliyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, şəhər və kənd mühitində yaşıllıqların artırılması, dekorativ və faydalı bitki növlərinin qorunaraq tətbiqi həm ekoloji təhlükəsizliyin təmin edilməsinə, həm də dayanıqlı şəhərsalma konsepsiyasının inkişafına mühüm töhfə verir.
Seminarda ən başlıcası Abşeronun quru subtropik iqliminə məxsus bitkilərin genetik müxtəlifliyinin toplanması, bərpası, mühafizəsi və bu sahədə aparılan elmi-tədqiqat işlərinin nəticələri nümayiş etdirilmişdir. Tədbirdə institutun əməkdaşları və mütəxəssislər tərəfindən müxtəlif mədəni bitkilərə aid nümunələr, onların yabanı əcdadları və seleksiya materialları haqda məlumat verilmişdir. Eyni zamanda bölgəyə aid genetik ehtiyatların toplanması, bərpası, səmərəli istifadəsi və gələcək nəsillər üçün qorunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdir.
Tədbir iştirakçıları tərəfindən biomüxtəlifliyin qorunmasının ölkənin ərzaq təhlükəsizliyi, ekoloji davamlılığı və kənd təsərrüfatının inkişafı baxımından strateji əhəmiyyət daşıdığı qeyd edilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Address

Azadliq Pr 155
Baku
AZ1106

Alerts

Be the first to know and let us send you an email when AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share